Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (BDPTM) ilə “AzEduNet” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunacaq İKT və elektrotexnika ixtisasları üzrə təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğun qalması məqsədilə “AzEduNet” şirkətinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq rəylər veriləcək.

Eyni zamanda, mərkəzdə təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları, təkmilləşdirmə kurslarının keçirilməsi və məzunların işlə təmin olunması üzrə “AzEduNet” şirkəti tərəfindən dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin əməkdaşlıq çərçivəsində şirkətin işçi heyəti üçün Sənaye və

İnnovasiyalar üzrə BDPTM tərəfindən peşəkar inkişaf proqramları təqdim olunacaq.

Xatırladaq ki, 2018-ci il yanvarın 26-da təməli qoyulan Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaqdır.