Ölkənin ən iri korporativ intranet şəbəkəsi – Azərbaycan Təhsil Şəbəkəsinin təminatçısı olan “AzEduNet” şirkəti ISO 20000 beynəlxalq standartına uyğunluğunu təsdiqləyən xarici auditi növbəti dəfə müvəffəqiyyətlə başa vurub. Audit ISO 20000 standartının yaradıcısı olan və keyfiyyət menecmenti sahəsində peşəkar sertifikasiya xidmətləri təqdim edən İngiltərənin nüfuzlu “British Standard Institution” (BSI) təşkilatı tərəfindən aparılıb. 

 Aparılmış auditin nəticələrinə əsasən, “AzEduNet” şirkəti BSI tərəfindən daha üç il müddətinə ISO 20000 sertifikatına 2011-ci il nəşr versiyası (ISO 20000 -1:2011) üzrə layiq görülüb. Paralel olaraq, aparılmış auditlə şirkətin ISO 9001:2015 sertifikatına uyğunluğu da uğurla təsdiqlənib.

Qeyd etmək lazımdır ki, ISO 20000 standartı “AzEduNet” şirkətinin IT xidmətlərin idarəedilməsi sisteminin “internet xidmətlərinin təminatı, müştərilərin texniki avadanlıqlarının və proqram təminatının texniki dəstəklənməsi və müştərilər üçün IT infrastrukturun yaradılması və dəstəklənməsi” kateqoriyaları üzrə ən qabaqcıl tələblərə cavab verdiyini təsdiqləyir. Eyni zamanda, şirkətin keyfiyyət idarəetmə sistemi ISO 9001:2015 standartının tələbləri ilə tam uyğunluq şəraitində fəaliyyət göstərir.

“AzEduNet” MMC Azərbaycanda ISO 20000 beynəlxalq sertifikasiyasından keçmiş ilk informasiya texnologiyaları şirkətidir. Şirkət sözügedən standarta ilk dəfə 2015-ci ildə layiq görülmüşdür.

“AzEduNet” şirkəti haqda:

“AzEduNet” MMC – Azərbaycan Respublikasında fəaliyyət göstərən ən iri korporativ intranet şəbəkəsinin – Azərbaycan Təhsil Şəbəkəsinin təminatçısıdır. 2004-cü ildə təsis edilmiş şirkət fəaliyyətinin sonrakı dövründə 2008-2012-ci illəri əhatə etmiş Azərbaycan Respublikasında təhsil sisteminin informatizasiyası üzrə Dövlət Proqramının əsas icraçılarından biri olmuş, ölkədə hazırda 2700-dən artıq orta, orta ixtisas və ali təhsil müəssisələrini, eləcə də təhsil siyasətinə məsul olan qurumları vahid şəbəkədə birləşdirən ən iri korporativ intranet şəbəkəsinin – Azərbaycan Təhsil Şəbəkəsinin yaradılmasında mühüm rol oynamışdır. Öz fəaliyyətində daim qabaqcıl yanaşma və təcrübələri tətbiq edən “AzEduNet” MMC optik internet təminatı, şəbəkə infrastrukturunun qurulması və şəbəkə təhlükəsizliyi, informasiyanın emalı və saxlanması mərkəzi, səs rabitəsi və unifikasiya sistemləri, texniki dəstək və s. xidmətləri təqdim edir.